SumgaitLibrary

+994 186520087


Xatirə günü

26.01.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Milli Qəhrəman Cəlil Səfərovun anadan olmasının 55 Illik yubileyi münasibətilə “Sən bizə örnəksən, şərəfimizsən” adlı xatirə günü keçirildi. Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın bir dəqiqəlik sükutla yad edilməsiı ilə başlandı.Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Elza Həsənova tədbir iştirakçılarına Milli Qəhrəman Cəlil Səfərovun hər bir azərbaycanlıya örnək olacaq həyatı və qəhrəmanlıqlarla dolu döyüş yolu haqqında məlumat vermiş və qeyd etmişdir ki, mənfur qonşularımızın ölkəmizə qarşı ötən əsrin sonlarından başlayaraq apardığı qanlı müharibədə ölkəmizin ərazi bütövlüyünün qorunması, işğal edilmiş doğma torpaqlarımızın düşmənlərdən təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq qanları ilə adlarını tarixin yaddaşına qızıl hərflərlə həkk etmiş həmvətənlərimizin sırasında sumqayıtlı gənclərin də adları vardır. Cəlil Səfərov 1992-ci il mayın 15-də Şuşa rayonunun Turşsu - Zarıslı istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb. Daha sonra Elza Həsənova “Qəhrəmanlıq zirvəsinə ucalanlar” sərgisində nümayiş etdirilən kitab və dövri mətbuat materiallarının da qısa xülasəsini verdi. Kitabxananın fəal oxucularından Zəkizadə İlqar, Naciyev Ravil, İsgəndərova Aytac qəhrəmanlara həsr edilmiş şeirlər söylədilər. Sonda tədbir iştirakçıları qəhrəmanın həyat və döyüş yolundan bəhs edən videosüjeti izlədilər.