SumgaitLibrary

+994 186520087


Xatirə günü

05.12.2016-cı il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı tam orta məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə dekabr ayında anadan olmuş Milli Qəhrəmanlardan Salatın Əsgərova, Əliyar Əliyev, Yusif Əliyev, Şikar Şikarovun əziz xatirəsinə həsr olunmuş “Torpaq altda yatsalar da arzuları həyatdadır” adlı xatirə günü keçirildi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova ilk olaraq tədbir iştirakçılarına Mərkəzi uşaq kitabxanasında müntəzəm olaraq vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin məqsədi haqqında, Vətən anlayışı, torpaq sevgisi, Qarabağ problemi,işğal olunmuş torpaqlar və bu savaşda həyatını qurban vermiş igid, mərd oğullar haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin kitabxanamızda keçirilməsi artıq bir ənənə halını almışdır. Bu gün Azərbaycanın Respublikasının Milli Qəhrəmanları Salatın Əsgərova, Əliyar Əliyev, Yusif Əliyev, Şikar Şikarovun xatirəsinə həsr edilmiş mərasim də bu səpkidə keçirilən tədbirlərin davamıdır. Sonra o, dekabr ayında anadan olmuş qəhrəmanların hər biri haqqında ətraflı məlumat verdi, “Qəhrəmanlıq zirvəsinə ucalanlar” başlıqlı sərgidə nümayiş etdirilən publisistik və bədii ədəbiyyatlar haqqında qısa xülasə verdi. Tədbir hər bir adı çəkilən dörd Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən videogörüntülərin izlənilməsi,qəhrəmanlıq və vətənpərvərlik hisslərinə həsr olunmuş şeirlərin səslənməsi davam etdi. Sonda çıxış edən 12 saylı məktəbin ibtidai sinif müəlliməsi Sevinc Həsənova da qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəmanlarımızın həyat yolunun uşaqlara örnək olduğunu və xatirələrinin daima ürəklərdə yaşayacağını bildirdi.