SumgaitLibrary

+994 186520087


Rəsm müsabiqəsi

15.04.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşəbbüsü, MİHİ Sumqayıt Komitəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uğur ART” uşaq və yeniyetmə yaradıcılıq mərkəzinin dərnək üzvlərinin iştirakı ilə “Təbiətin sehrli rəngləri” adlı rəsm müsabiqəsi keçirilmişdir. Tədbir ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə uşaq və gənclərin daha fəal cəlb edilməsini təşviq etmək, eləcə də xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə keçirilmişdir. Rəsm müsabiqəsini giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə mütəxəssisi Səbinə Qasımova ilk olaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından,ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii və mədəni dəyərlərə hörmətlə yanaşılmanın əhəmiyyətindən danışmışdır. Daha sonra müsabiqəyə qatılmış şagirdlərin rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş ecazkar 22 rəsm əsərlərinə baxış keçirilmişdir. Rəsm nümunələri münsiflər heyəti tərəfindən düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülməklə qiymətləndirilmişdir. Müsabiqədə üç yaş qrupu üzrə ilk üç yerin qalibləri “Fəxri Fərman” və hədiyyələrlə təltif edilmişdir. Digər iştirakçılar isə həvəsləndirici “Təşəkkürnamə”lər və hədiyyələrlə mükafatlandırılmışdır. “Uğur ART” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri  Günel Qasımova müsabiqəyə qatılmış şagirdinin xüsusi istedadından, bacarıqlarından, yaradıcılıq üslublarından söhbət açmışdır. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, S.Vurğun adına Mərkəzi Kitabxananın direktor müavini Natəvan Axundzadə, Nizami Gəncəvi adına Kitabxana klubunun dərnək rəhbəri Günel Aslanova nümayiş etdirilən əsərlərin onlarda böyük təəssürat oyatdığını vurğulamış, gənc rəssamların əsərlərinin rəng çalarlılığının müxtəlifliyinə görə bir-birindən tamamilə fərqləndiyini qeyd etmiş, onlara yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulamışlar.