SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Dəyirmi masa
27.08.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu M.İsmayılov adına Cicimli kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə əlaqədar olaraq 26 avqust Laçın şəhər gününə həsr edilmiş “Laçın, azadlığın mübarək!” adlı dəyirmi masa keçirilmişdir. Tədbir vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova ilk olaraq bu günün tarixindən söhbət açaraq bildirdi ki, 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin Cicimli kənd inzibati ərazi üzrə nümayəndəsi Sadəddin Məmmədov, Birinci Qarabağ müharibəsinin qazisi, keçmiş döyüşçü, ehtiyatda olan polis zabiti Vüqar Salahov, Laçın rayon M.İsmayılov adına Cicimli kənd tam orta məktəbin direktoru Bəsirə Məmmədli, məktəbin kitabxana müdiri İlhamə Məmmədova, təlim-tərbiyə üzrə müavini Sayalı Firudinova, veteran Şamil Şamilov, İkinci Qarabağ Müharibəsinin qazisi, leytenant Xalid Məmmədov, Laçın şəhərinin ziyalılarından olan Rəhman Alıyev iştirak etmişlər. İlk olaraq çıxış edən Laçın rayon İcra Hakimiyyətinin Cicimli kənd inzibati ərazi üzrə nümayəndəsi Sadəddin Məmmədov bu gün münasibətilə hər kəsi ürəkdən təbrik edərək bildirdi ki, əzəli tarixi torpaqlara qayıdış hər bir laçınlının döyünən qəlbindən xəbər verir. Tədbirdə çıxış edən Birinci Qarabağ Müharibəsinin qazisi, keçmiş döyüşçü Vüqar Salahov həmin anları xatırlayaraq bildirdi ki, bütün çətinliklərə baxmayaraq döyüşdə neçə-neçə igid oğlanlarımız qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Günübugün də biz, Vətənin keşiyində duraraq onu hər zaman mənfur düşmənlərdən qorumağa hazırıq. Daha sonra çıxış edən Cicimli kənd tam orta məktəbin direktoru Bəsirə Məmmədli Laçın rayonunun əsrarəngiz gözəlliklərindən, tarixi abidələrindən, mədəniyyət nümunələrindən söhbət açaraq bildirdi ki, onlar bu günü böyük səbirsizliklə gözləyirdilər və gec-tez əzəli torpaqlarına qayıdacaqlarına inanırdılar. “Böyük Qayıdış” uğurla və sürətlə həyata keçirilir. Çıxış edən Laçın diyarının ziyalılarından olan Rəhman Alıyev tarixi faktlar əsasında söhbət edərək bildirdi ki, Laçın Azərbaycanın dilbər guşələrindən biridir. İllər ərzində vətən həsrəti ilə yaşayan hər bir laçınlı bu gün böyük sevinc və fəxarət hissi yaşayır. Buna görə də Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna sonsuz təşəkkürlərini bildirmişdir. İkinci Qarabağ Müharibəsinin qazisi, leytenant Xalid Məmmədov 44 günlük Vətən Müharibəsindən söhbət açaraq bildirdi ki, hərbi əməliyyat zamanı Rəşadətli Azərbaycan Ordusu döyüşdə igidlik və qəhrəmanlıq göstərərək 30 illik həsrətə son qoymuşdur. Bu gün onlar illərin sevincini yaşayırlar. Laçına “Böyük Qayıdış” uğurla həyata keçirilir. Tədbirdə “Uğur Art” rəsm dərnəyinin şagirdlərindən Əlizadə Nuray və Quliyeva Aysun Laçın şəhərinin əsrarəngiz və füsunkar təbiət gözəlliklərini rəngli boyalar vasitəsilə təsvir edərək tədbir iştirakçılarına təqdim etmişlər. Tədbirdə eyni zamanda 12 saylı tam orta məktəbin 7e sinif şagirdləri və M.İsmayılov adına Cicimli kənd tam orta məktəbin şagirdləri də iştirak edirdilər. M.İsmayılov adına Cicimli kənd tam orta məktəbin şagirdlərindən Ayan Qurbanzadə və Zəhra Hüseynli şair Kərim Kərimlinin doğma Laçın şəhərinə həsr etdiyi şeirləri səsləndirmişlər. Tədbirdə iştirak edən digər qonaqlar da 26 avqust Laçın şəhər günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu sevinci onlara yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandana öz təşəkkürlərini bildirmişlər. Əziz Laçın, azadlığın mübarək! Laçın bizimdir, Qarabağ Azərbaycandır!