SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

27.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Gənclər Kitabxanasında 12 saylı tam orta məktəbin 8b sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi münasibətilə oxucu konfransı keçirilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Gənclər Kitabxanasının müdir v.m.i.e Leyla Mahmudova AXC-nin yaranma tarixindən danışaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. Tədbir “Azərbaycan Xalq Cümhuriyyəti” adlı videoçarxın nümayişi ilə davam edib. Sonra Leyla Mahmudova “Məhəmməd Əmin Rəsulzadə”, “Səməd bəy Mehmandarov”, 12 saylı tam orta məktəbin şagirdlərindən Aylin Nəbiyeva “Əlimərdan bəy Topçubaşov”, Sona Məmmədli “Nəsib bəy Yusifbəyli”, Nübar Eyvazlı “Əliağa Şıxlinski”, Murad Əlizadə “Fətəli xan Xoyski” və digər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında ətraflı məlumat veriblər. Tədbirdə qonaq qismində iştirak edən Laçın rayonu Qazıdərə kənd kitabxana müdiri Qəndili Allahverdiyeva tədbirin təşkilinə görə gənclər kitabxanasının əməkdaşlarına təşəkkür edib. Sonda tədbir iştirakçıların “Cümhuriyyət himni”nin ifası ilə yekunlaşıb.