SumgaitLibrary

+994 186520087


Ekskursiya

18.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasının 70 illik yubileyi münasibətilə tərtib edilən tədbirlər planına əsasən kitabxananın əməkdaşları Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu M.İsmayılov adına Cicimli kənd orta məktəbinin müəllimləri və beşinci sinif şagirdlərinin iştirakı ilə Sumqayıtda fəaliyyət göstərən “Məktəbli” Poliqrafiya Mərkəzinə ekskursiya təşkil ediblər. Milli sahibkar, Poliqrafiya Mərkəzinin, eləcə də Məktəbli-Kitab MMC-nin təsisçisi və direktoru Akif Şahbazov qonaqları salamladıqdan sonra onları kitabların çapı ilə bağlı istehsal prosesini əyani şəkildə müşahidə etmək üçün nəşriyyata dəvət edib, ordakı dəzgahlar, çap maşınları, kitabın çapa hazırlanması və ağ kağızdan rəngli kitabın alınması prosesi haqqında ətraflı məlumat verib. "Kitab necə yaranır" mövzusuna həsr olunan ekskursiya çay süfrəsi arxasında müzakirələrlə davam edib. Akif Şahbazov məktəblilərə kağızın kəşf tarixi, hazırlanması, tərkibi, növləri, istehsalı və təkrar emalı haqqında məlumat verib. Daha sonra çıxış edən yazıçı-publisist, əməkdar jurnalist Eyruz Məmmədov insanın ən əziz və yaxın dostunun kitab olduğunu qeyd edib, sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qorumağın, onlardan səmərəli istifadə etməyin və çox mütaliə etməyin vacibliyini vurğulayıb. O, Sumqayıtın qurucularından biri, şəhərin ictimai-mədəni həyatında yarım əsrə qədər fəal iştirak etmiş, Sumqayıt mətbəəsinin yaradıcısı və 30 il onun rəhbəri olan unudulmaz insan, əməkdar poliqrafçısı Surxay Məmmədovun keçdiyi şanlı və şərəfli ömür yolu haqqında qısa məlumat verib. Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva məqsədi uşaqlar arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsinin aşılanması, peşə seçimində şagirdlərə istiqamət verilməsindən ibarət olan bu layihənin reallaşmasında böyük əməyi olan Poliqrafiya Mərkəzinin rəhbərliyinə, eyni zamanda əməkdaşlarına dərin təşəkkürünü bildirib. Kitabxanalar ilə sıx əməkdaşlıq edən Sumqayıt şəhər “Dostlar klubu” haqqında qısa məlumat verən Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova Akif Şahbazovun xidmətlərini xüsusi olaraq vurğulayıb, onun həyat və fəaliyyəti haqqında məlumat verib. Ekskursiya zamanı iştirakçılara Poliqrafiya Mərkəzinin rəhbərliyi tərəfindən kitab bağlamaları, məktəb ləvazimatları təqdim olunub. Sonda təəssüratlarından danışan Laçın rayonu M.İsmayılov adına Cicimli kənd orta məktəbinin Kitabxana müdiri İlhamə Məmmədova maraqlı və yaddaqalan tanışlığa, uşaqlarda böyük sevincə səbəb olan hədiyyələrə görə dərin təşəkkürünü bildirib.