SumgaitLibrary

+994 186520087


Ziyarət

13.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları İ.Qayıbov adına1 nömrəli tam orta məktəbin 6e və 6ə sinif şagirdlərinin və müəllim kollektivinin iştirakı ilə Aprel döyüşlərinin iştirakçısı olmuş, II Vətən müharibəsi şəhidi Cabbarov Akif Elxan oğlunun əziz xatirəsini yad etmək məqsədilə onun doğmalarını ziyarət ediblər. Qarabağ müharibəsində qanı ilə tarix yazan igidin xalası Maya Həsənova Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilən Silahlı Qüvvələrinin əsgəri Cabbarov Akif Elxan oğlunun qısa, ancaq şərəfli həyat, qəhrəmanlıqlarla dolu döyüş yolu haqqında məlumat verib. O bildirmişdir ki, Akif Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirdikdən sonra o, anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçüb. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib. Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşəni itirib. Qəhrəmanımızın yaşadığı həyat heç də asan olmayıb, lakin hər igid kimi qəlbi Vətən eşqi ilə döyünüb. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akif də Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub. Akifə anasızlıq hissini yaşatmağa qoymayan, ona analıq şəfqəti göstərən, artıq iki əzizinin şəhidlik zirvəsinə ucaldığını bildirən Maya xanım sonda həyat yoldaşı Həsənov Sərdar Rəşid oğlunun da 1994-cü ildə Ağdərə döyüşləri zamanı şəhid olduğunu bildirib. Daha sonra çıxış edənlər Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, 1 nömrəli tam orta məktəbin xarici dil müəllimləri Mətanət Balaxanlı, Aygün İsmayılova adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyəyib, yaxınlarına səbr arzulayıblar. Sonra kitabxanaçılar şagirdlərlə birgə şəhidin Sumqayıtdakı “İnşaatçılar” yaşayış massivində, evinin yanında yaradılmış xatirə bulağını ziyarət ediblər.