SumgaitLibrary

+994 186520087


Görüş

15.03.2023-cü il tarixində N.Tusi adına 12 nömrəli tam orta məktəbdə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasının təşəbbüsü ilə uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə “Gülzar nənənin sehrli dünyası” adlı görüş keçirilib. Tədbir Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin skripka müəllimi Yaşar Nurməmmədov və konsertmeystr Mətanət Nurməmmədovanın rəhbərliyi ilə skripkaçı şagirdlərin ifası ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının baş mütəxəssisi Səbinə Qasımova keçirilən görüşün torpaq çərşənbəsinə təsadüf etdiyini xüsusilə vurğulayıb, çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində "Gülzar nənə" təxəllüsü ilə tanınan və sevilən Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra çıxış üçün söz alan məktəbin direktoru Reyhan Baxşiyeva uşaqların inkişafında söz, sənət nümayəndələri ilə görüşlərin əhəmiyyətini qeyd edib, Gülzar İbrahimovaya tədbirdə iştirakına görə dərin təşəkkürünü bildirib, yazıçı və şairə xanıma yaradıcılıq uğurları arzu edib. Görüşdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sehrli dünya" jurnalının baş redaktoru, 70-ə yaxın uşaq kitabının, 44 elektron kitabın müəllifi Gülzar İbrahimovanın yaradıcılıq uğurlarından söhbət açıb. Məktəbin 4b sinif şagirdləri Gülzar İbrahimovanın Ulu Öndərə, anaya, doğma dilimizə, Vətənə, şanlı Zəfərimizə həsr etdiyi şeirlərini söyləyib, hekayə və nağılları əsasında qurduqları səhnəcikləri həvəslə təqdim edib, sülh haqqında bədii kompozisiya ifa edib, rəngarəng rəqs nömrələri ilə çıxışlarını başa vurublar. Şagirdlər maraqlı əsərlərinə görə yazıçı Gülzar İbrahimovaya minnətdarlıqlarını bildiriblər. Tədbirdə yaradıcılığının uşaqlar tərəfindən sevilməsindən, oxunmasından məmnun olduğunu bildirən Gülzar İbrahimova yeni şeirlərindən oxuyub, uşaqların çoxsaylı suallarını cavablandırıb. O, tədbirdə iştirak edən bütün məktəblilərə müəllifi olduğu kitablarından hədiyyə edib. Yekun olaraq çıxış edən məktəbin ibtidai sinif müəllimi İlhamə Axundzadə və Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva bir yazar kimi Gülzar nənənin uşaqların dərin sevgisini qazanmasının sirlərindən danışıb və yazıçıya bol-bol yaradıcılıq uğurları arzu ediblər.