SumgaitLibrary

+994 186520087


Xatirə günü

07.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında 1 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə Aprel döyüşlərinin iştirakçısı olan Vətən müharibəsi şəhidi, kəşfiyyatçı Romir Rəşadət oğlu Əliyevin əziz xatirəsinə həsr edilən “Qələbə tarixini yazan qəhrəman” adlı xatirə günü keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxananın baş mütəxəssisi Səbinə Qasımova əvvəlcə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və bu qələbədə böyük pay sahibi olan, öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən şəhidlərdən biri olan Romir Əliyevin qısa, ancaq şərəfli həyat, qəhrəmanlıqlarla dolu döyüş yolu haqqında məlumat verib. O, iştirakçıları illər öncə Mərkəzi Uşaq Kitabxanasının oxucusu olan qəhrəman şəhidin şəxsi əşyalarından, şəkillərindən və haqqında yazılan kitablardan ibarət sərgi ilə də tanış edib. Tədbirdə iştirak edən şəhidin atası Rəşadət Əliyev, anası Miraslava Əliyeva, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan oğulları ilə bağlı xatirələrindən, göstərdiyi igidlikdən danışıb, torpaqlarımızın azadlığa qovuşması üçün başlanan müqəddəs bir savaşda canlarını qurban edən şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqların gənc nəslə örnək olduğunu vurğulayıb, igid oğulların canı bahasına geri qayıdan torpaqların bundan sonra onlara əmanət olduğunu bildiriblər. Vətən Müharibəsində könüllü əsgər olaraq iştirak edən cəsur kəşfiyyatçının döyüş yoldaşları Ağasəlim Camalov, Elşad Bağırov, Şükür Ramazanov Romir Əliyevin vətən sevgisindən, insani keyfiyyətlərindən, döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, onunla qürur duyduqlarını bildirib, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu diqqətə çatdırıblar. Anım tədbirində Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan, 20 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan sözügedən qəhrəmanın biologiya müəlliməsi Pərvanə Həsənova da çıxış edərək, Romirin hər şeydən əziz bildiyi Vətən üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bildirib, onun məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. Sonra çıxış edən Mərkəzi Kitabxananın baş biblioqrafı Yeganə Əhmədova, 1 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Püstə Mustafayeva, MUK-un kitabxana müdiri Nailə Tağıyeva adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyərək belə vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə Romir Əliyevin valideynlərinə, yaxınlarına öz təşəkkürlərini bildiriblər. Tədbir 1 nömrəli tam orta məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompazisiya, şeir və mahnı töhfələri ilə sona çatıb.