SumgaitLibrary

+994 186520087


Görüş

03.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubda 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri ilə “Zəfər qoxulu igidlər” adlı görüş keçirilib. Tədbir məktəbin Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutub. Görüşdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərdən Tərzan Həşimov, Murad Rəhimli, Rüfət Əhmədzadə, Şahmar Quliyev və Emil İsgəndərovun ailə üzvləri iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva çıxış edərək qeyd edib ki, bu gün baş tutan görüş şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın kiçik bir təzahürüdür. Mərd oğullarımızın itkisi nə qədər ağır olsa da məhz igid oğullarımızın sayəsində 30 il həsrət qaldığımız torpaqlara qovuşduq. Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa ediblər. Kitabxanada təşkil olunan “Qarabağ Azərbaycandır” başlıqlı sərgi haqqında məlumat verildikdən sonra, şagirdlərin ifasında “Vətəndən pay olmaz” adlı səhnəcik nümayiş olunub. Daha sonra söz şəhid ailələrinə verilib. Ailə üzvləri və yaxınları şəhidlərimiz haqqında xatirələrini bölüşüblər və dövlətin qayğısını hər zaman hiss etdiklərini, göstərilən diqqətdən məmnun olduqlarını vurğulayıblar. Sonda tədbir iştirakçıları şəhidlərimizin xatirəsini daima yad etdikləri üçün, kitabxana əməkdaşlarına təşəkkürlərini bildiriblər.