SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

19.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Gənclər Kitabxanasının kollektivi 5 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Millət millət olur, xeyri, şəriylə..” adlı xatirə gecəsi keçirib. Tədbir vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutuyla başlanıb. Əvvəlcə Gənclər Kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar faciəsinin baş vermə səbəblərindən, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmağından danışaraq, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd edib və faciəni özündə əks etdirən kitablar və fotoşəkillərdən ibarət “Əbədiləşən tarix-20 Yanvar” adlı sərgi haqqında məlumat verib. Məktəbin tarix müəllimi Samirə Hülemirova çıxış edərək qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Tədbir 5 saylı məktəbin 9b sinif şagirdlərinin şəhidlər haqqında şeirlər, bayatılardan ibarət ifaları və 20 Yanvar hadisələrinə həsr olunan videoçarxın nümayişi ilə davam edib. Sonda 5 saylı tam orta məktəbin kitabxana müdiri Şirin Abdullayeva və kitabxana əməkdaşı Elnarə Əmirova gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu vurğulayaraq bu tədbirlərin gənclərin mənəvi tərbiyəsində böyük rol oynadığını qeyd ediblər.