SumgaitLibrary

+994 186520087


Xatirə günü

19.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə bağlı 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaddaşlarda əbədiləşənlər” adlı xatirə günü keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın böyük mütəxəssisi Nəzakət Əliyeva 20 Yanvar faciəsinin tarixi, qanlı hadisələrin törədilməsinin əsas məqsədi, nəticələri, ibrət dərsləri və bu hadisələrin müstəqillik tariximizdə oynadığı mühüm rolu haqqında məlumat verib. Daha sonra çıxış üçün söz alan kitabxananın müdiri Nailə Tağıyeva və 1 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Püstə Mustafayeva Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılan bu tarixin acı həqiqətlərindən, 20 Yanvar şəhidlərinin cəsarətli şücaətindən bəhs edərək bu faciənin xalqın, millətin, milli-azadlıq mücadiləsinin təntənəsi olduğunu qeyd ediblər. Anım tədbiri 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Ülkər Alməmmədli və Rauf Süleymanlının aparıcılığı ilə davam edib. Şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirləri və ədəbi-bədii kompozisiya ilə nümayiş etdiriblər. Ədəbi-bədii kompozisiyada şagirdlərdən Xanım Qocayeva, Rizvan Həsənli, Xuraman Əlizadə, Fatimə Şirinzadə, Duyğu Süleymanlı, Zeynəb Niftalızadə öz ifaları ilə seçiliblər.