SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

15.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Ömər Faiq Nemanzadənin 150 illik yubileyi ilə əlaqədar “Görkəmli publisist, maarifçi, ictimai-siyasi xadim” adlı dəyirmi masa keçirilib. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə M.Ə.Rəsulzadə adına kitabxanada baş tutan tədbirin əvvəlində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın Abonement bölməsinin müdiri Zemfira Mirzəyeva Ö.F.Nemanzadənin 150 illik yubileyi ilə əlaqədar dövlət başçısı tərəfindən verilən Sərəncamdan bəhs etməklə vurğulayıb ki, ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. MKS-in əməkdaşlarının görkəmli ictimai-siyasi xadimin həyat və fəaliyyətini əhatə edən “Ö.F.Nemanzadənin yaradıcılığında vətənpərvərlik mövzusu”, “Ana dilinin yorulmaz təbliğatçısı”, “Ö.F.Nemanzadə və Molla Nəsrəddin jurnalı”, “Ö.F.Nemanzadənin felyetonlarında mövzu rəngarəngliyi”, “Ö.F.Nemanzadənin fəaliyyətində milli maarifçilik: türkçülük və azərbaycançılıq” kimi mövzularda məruzələri dinlənilib. Xalqımızın tarix səhnəsində təşəkkül tapmasında, özünəməxsus yer tutmasında və inkişafında Ömər Faiq Nemanzadənin böyük rolundan danışılıb. Sonda metodika-biblioqrafiya şöbəsinin müdiri Təranə Mirzəyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirməklə qeyd edib ki, Ö.F.Nemanzadənin 150 illik yubileyinə həsr edilmiş tədbirlərin keçirilməsi davam edəcək.