SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

15.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubda ölkəmizdə hər il qeyd olunan 20 oktyabr - 20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi aylığı çərçivəsində ”Uşaq hüquqları toxunulmazdır” adlı dəyirmi masa keçirilib. Görüş şəhərimizin tanınmış hüquqşünası, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və kitabxana ilə əməkdaşlıq edən “Dostlar klubu”nun fəal üzvü Azər Əzizovla keçirilib. Tədbirdə General mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər. Kitabxananın baş mütəxəssisi Səadət Allahverdiyeva çıxış edərək iştirakçılara uşaq hüquqlarının yaranma tarixi, uşaq hüquqlarını və azadlıqlarını ifadə edən yerli və beynəlxalq sənədlərdən, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verib. Sonra Hüquqşünas Azər Əzizov çıxış edərək, uşaqların ictimai həyatdakı rolu, onların təhsili, istirahət və digər hüquqlarının qorunması, uşaqlara qarşı törədilən zorakılıq halları ilə mübarizə haqqında danışıb. O, ölkəmizdə uşaqların sağlam böyüməsi, təhsili, hüquqlarının müdafiəsindən danışaraq şagirdlərə bu haqda faydalı məsləhətlər verib, şagirdlərin ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb. Tədbirdə uşaq hüquqlarının müdafiəsindən bəhs edən videoçarx nümayiş olunub və şagirdlər kitabxanada təşkil olunan “Uşaq hüquqları toxunulmazdır” adlı sərgi ilə tanış olublar. Sonda çıxış edən Nizami Gəncəvi adına Kitabxana klubun müdiri Ülviyyə İsayeva tədbirdə uşaqlarla səmimi söhbətə, faydalı məsləhət və tövsiyələrə görə tədbirin fəxri qonağı Azər Əzizova təşəkkürünü bildirib.