SumgaitLibrary

+994 186520087


Ekskursiya

11.08.2022-ci il tarixində Mərkəzi uşaq kitabxanasına, kitaba və biliyə məhəbbət yaratmaq məqsədilə 71 nömrəli “Heyran” körpələr evi-uşaq bağçasının məktəbəqədər qrupunun şagird, müəllim və valideynləri tərəfindən ekskursiya təşkil edilib. Kitabxananın oxu zalında multimedia mütəxəssisi Səbinə Qasımova uşaqların tərbiyəsində, hərtərəfli inkişafında kitabın və mütaliənin əhəmiyyətindən, uşaqların erkən yaşlarından kitabxanaya cəlb edilməsinin zəruriliyindən danışıb. Sonra körpə fidanları kağızın kəşfi, kitabın yaranma tarixi, insanın yaxın dostu və məsləhətçisi olmuş kitabla rəftar qaydalarından bəhs edən videoçarxı izləməyə dəvət edib. Daha sonra balacalar kitabxananın baş mütəxəssisi Leyla Mahmudovanın “Tık-tık xanım” nağılı əsasında hazırladığı kukla tamaşasını böyük heyranlıqla izləyiblər. Xalq yaradıcılığına, folklora maraq oyadılması məqsədilə yaradılan “Nağıl otağı” na ekskursiya zamanı kitabxananın əməkdaşı S.Qasımova uşaqları yaradılan şəraitlə, yaradıcı uşaqların əl işlərilə, tarixi keçmişimizə aid olan maddi-mədəniyyət nümunələri ilə tanış edib. Sonda “Heyran” körpələr evi-uşaq bağçasının müəlliməsi Ülkər Salmanova və Yeganə Ələkbərova maraqlı və yaddaqalan tanışlığa və tədbirə görə kitabxana əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.