SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

28.07.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında “Yayı kitabla keçirək” layihəsi və “Şuşa ili” çərçivəsində tanınmış yazıçı Solmaz Amanovanın “Şuşanın açarları” kitabının təqdimatı keçirilib. Kitabxananın baş mütəxəsisi Leyla Mahmudova təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin zəngin tarixi keçmişi, təbii gözəllikləri, coğrafi mövqeyi, görkəmli xadimləri, sənət adamları haqqında qısa məlumat verib. Sonra yazar Solmaz Amanovanın yaradıcılığı, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” nağıl-poeması haqqında məlumat verərək, kitabda yer alan tarixi məlumatlar və poemanın qısa məzmunu ilə tədbir iştirakçılarını tanış edib. Tədbir kitab haqqında uşaqlara ünvanlanan sualların cavablandırılması ilə davam edib. Sonda L.Mahmudova Şuşa haqqında yazılan kitablar və jurnal məqalələri ilə tədbir iştirakçılarını tanış edərək, Şuşa şəhərinin yenidən əzəli sahiblərinə qayıtması, tarixi simasının bərpasını gerçəkləşdirən nəhəng layihələr: böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası işlərindən bəhs edib.