SumgaitLibrary

+994 186520087


Məlumat günü

21.07.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan Milli Mətbuatı və Jurnalistikası Günü ilə əlaqədar “Maarifçi insanlar, qəzet yaradanlar” adlı məlumat günü keçirilib. Tədbirdə çıxış edən kitabxananın multimedia mütəxəssisi Qənimyə Baqişova ilk növbədə bu günün təsis olunma tarixi haqqında məlumat verərək bildirib ki, iyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 147 yaşı tamam olur. Azərbaycan dilində yayımlanan ilk qəzet olan “Əkinçi”nin ümumilikdə 56 sayı buraxılmış, 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul tarixində Azərbaycanda hər il “Milli Mətbuat və Jurnalistika Günü" kimi qeyd olunur. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. Sonda oxucular “Milli mətbuat günü-147” adlı kitab, jurnal və qəzet nəşrlərindən ibarət sərgiylə tanış edilib.