SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

17.07.2022-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar “Milli mətbuatımızın şərəfli tarixi” adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbiri kitabxananın əməkdaşı Leyla Salmanova açıq elan edərək bildirib ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə alıb. Qeyd olunub ki, bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan-qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Tədbirdə mövzu ətrafında oxucular da öz fikirlərini bölüşüblər. Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi zamanı əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər-kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər. Bu missiya, eyni zamanda, vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi. Müharibə dövründəki fəaliyyət Azərbaycan jurnalistikasına bəlli imic, müsbət reputasiya qazandırdı. Bu isə perspektiv beynəlxalq əməkdaşlıq məsələləri baxımından vacib göstəricidir.