SumgaitLibrary

+994 186520087


“Vətəni yaşadan oğullar”

24.06.2022-ci il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxana və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunan “Vətəni yaşadan oğullar” adlı tədbir keçirilib. AYB-nin sədri Gülnarə Cəmaləddinin aparıcılığı ilə keçirilən tədbirdə şəhid ailələri, şəhərimizin tanınmış şairləri, yazarlar, qazilər iştirak ediblər. Tədbir dövlət himnimizin səslənməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gülnarə Cəmaləddin 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində keçirilən bu tədbirin nə qədər önəmli olduğunu, bu günü sevinc hissi ilə qarşıladığımıza görə şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağımızı qeyd edib. İlk olaraq söz Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı və şəhid anası Ceyran Həsənovaya verilib. O çıxışında qeyd edib ki, biz şəhid anaları üçün nə qədər ağır olsa da məhz igid oğullarımızın sayəsində 30 il həsrət qaldığımız torpaqlara qovuşduq. Ceyran xanım dövlətin qayğısını hər zaman hiss etdiyini, şəhid və qazilərimizə göstərilən diqqətdən məmnun olduğunu vurğulayıb. I Qarabağ müharibəsinin qazisi mayor Vüsal Nəzərov, şəhid analarından Nazif Mədinovun, Rüfət Mustafayevin, Abdullah Əhmədovun, Elmar Nəsibovun və başqalarının anaları xatirələrini bölüşüblər. Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin direktor əvəzi Sevil Behbudbəyli isə çıxışında qeyd edib ki, 44 günlük müharibə sübut etdi ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar deyil, ordunun döyüş ruhu, hərbi vətənpərvvərlik əhval -ruhiyəsi yüksək səviyyədə olması gərəkdi. Məhz Azərbaycan Ordusunun yenilməzliyi, qorxmazlığı sayəsində qələbə bizimlə oldu. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Tədbirin sonunda şəhid anaları üçün hazırlanan kiçik hədiyyələr onlara təqdim olunub.