SumgaitLibrary

+994 186520087


“Tarix yazan oğullar”

20.06.2022-ci il tarixində Mərkəzi Uşaq kitabxanasında 5 və 12 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsində yaralanan qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaqlara tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə bir qrup qazilərlə “Tarix yazan oğullar” adlı görüş keçirilib. Görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, ikinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən danışıb. Tədbirdə çıxış edən qazi Tərlan Həmdullayev, Ümid Novruzov, Əfəndi Balcanov və Ramil Bayramov da yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən, ruh yüksəkliklərindən danışaraq müharibə ilə bağlı xatirələrini bölüşüb, tədbir boyunca şagirdlərin çoxsaylı suallarını həvəslə cavablandırıb, onlara öz tövsiyələrini veriblər. Sonra 12 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənni üzrə müəllimi İmran Hüseynov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Natəvan Axundzadə, Mərkəzi Uşaq kitabxanasının müdiri Nailə Tağıyeva, 5 nömrəli tam orta məktəbin kitabxana müdiri Şirin Abdullayeva da çıxış edərək ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib, uşaqları Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar. Tədbir məktəblilərin ifasında vətənpərvərlik mözusunda hazırlanan ədəbi-bədii kompozisiya, şən mahnılarla davam edib. Sonda Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.