SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

19.05.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 1 və 12 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilik yubileyi münasibətilə “Söz qoşan yanıqlı dildi Natəvan” adlı ədəbi-bədii gecə keçirilib. Kitabxananın baş mütəxəssisi Leyla Mahmudova ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan Xurşidbanu Natəvanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən işlər haqqında məlumat verib. Sonra çıxış edən yazıçı, Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu maarifin, mədəniyyətin yayılmasına kömək göstərmiş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınmış Xurşidbanu Natəvanın zəngin yaradıcılığı haqqında söhbət açıb. Yazıçı gənc nəsilə klassikləri tanımağı, milli ədəbiyyatımızı oxuyub dərindən öyrənməyi tövsiyə edib. 12 nömrəli tam orta məktəbin müəlliməsi və 1 nömrəli tam məktəbin uşaq birliyi rəhbəri vətənin rifahı naminə varını əsirgəməyən, el anası Natəvana qarşı yüz illər keçsə də davam edəcək xalq sevgisi haqqında fikirlərini bildiriblər. Sonra bədii hissə ilə davam edən tədbirdə 12 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında şairənin yazdığı və ona ithaf edilmiş qəzəllər, şeirlər, poemadan parçalar səsləndirilib. 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi, Sevinc Nuruqızının “Ağabəyim ağa” hekayəsi əsasında hazırladıqları səhnəciklər və Nuray Şahsuvarlının ifasında isə “Xarıbülbül” mahnısı təqdim edilib. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva şəhərin hər iki qabaqcıl ümumtəhsil məktəbi ilə iş birliyi çərçivəsində baş tutan tədbirin təşkilində əməyi olanlara təşəkkürünü və minnətdarlığını bildirib.