SumgaitLibrary

+994 186520087


İnsan hüquqları

18.05.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Görüş şəhərimizin tanınmış hüquqşünası, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və kitabxana ilə əməkdaşlıq edən “Dostlar klubu”nun fəal üzvü Azər Əzizovla keçirilib. Tədbirdə 12 nömrəli tam orta məktəbin 5e və 7b sinifinin müəllim və şagird kollektivi iştirak ediblər. Kitabxananın baş mütəxəssisi Leyla Mahmudova “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək” adlı məruzə ilə tədbiri açaraq iştirakçılara uşaq hüquqlarının yaranması tarixi, müasir dünyada uşaq hüquqlarına verilən önəm, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısı, uşaq hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən yerli və beynəlxalq sənədlərdən, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat verib. Sonra o, mövzu ilə bağlı tərtib edilmiş “Kiçik uşaqların böyük hüquqları” adlı kitab sərgisi haqqında qısa xülasə verib. Vəkil Azər Əzizov çıxış edərək, Azərbaycanda uşaq hüquqlarına dair müdafiə mexanizmləri, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər, uşaqların ictimai həyatdakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması, uşaqlara qarşı törədilən zorakılıq halları ilə mübarizə haqqında məlumat verib. O, ölkəmizdə uşaqların sağlam böyüməsi, təhsili, fiziki və intellektual inkişafı, hüquqlarının müdafiəsi və təmini istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Vəkil daha sonra uşaqların ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb. Tədbirin gedişi ərəfəsində uşaq hüquq və azadlıqlarından bəhs edən videofilm nümayiş olunub. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva uşaqların dünyagörüşünün formalaşdırılmasına kömək etmək, hüquq düşüncəsini inkişaf etdirmək məqsədilə keçirilən tədbirdə uşaqlarla səmimi söhbətə, faydalı məsləhət və tövsiyələrə görə tədbirin fəxri qonağı Azər Əzizova öz təşəkkürünü bildirib.