SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

17.10.2016-cı il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Alman Abbasov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Novrəstə Yusifova, “Regionların sosial-iqtisadi inkişafı” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Sağlam mühit, sağlam gələcək” İctimai Birliyinin icraçı direktoru və Birlik.az saytının rəhbəri Vüsal Hətəmov“, YAP Tələbə Gənclər təşkilatının sədri Ümid Məlikov, Sumqayıt Dövlət Universitetinin tələbələri- “Ritorika Universal Klub”un üzvləri və 14 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri kitabxananın müdiri Ofeliya xanım açıq elan etdi. Bildirdi ki, 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tədbirdə iştirak edən qonaqlar keçdikləri döyüş yolundan danışdılar.Qeyd etdilər ki, Artıq dövlət müstəqilliyinin bərpasının 25-ci ilini yaşayan Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan daha da sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Tədbir diskussiya şəklində davam etdi. Sonda qonaqlar kitabxanaya Bayraq hədiyyə etdilər.