SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

08.06.2016-cı il tarixdə “Oxucu ilə üz-üzə” silsiləsindən keçirilən növbəti tədbir qələmi, imzası ilə oxuculara yaxşı tanış olan həmşəhərlimiz, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, yazıçı-publisist Eyruz Məmmədovun “Azəri” nəşriyyatı tərəfindən yenicə çapdan çıxan “Zöhra və Kənan” romanının təqdimatına həsr olundu. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Yeganə Əhmədova açaraq iştirakçıları salamladı, tədbirin məramını, təqdimatı keçirilən “Zöhra və Kənan” romanı ilə bağlı şəxsi mülahizələrini oxucularla bölüşdü və sözü kitabın müəllifinə verdi. Eyruz müəllim iştirakçılara romanın yaranması haqqında qısa məlumat verdi. Əsərin sujet xətti Kənanın Qızıl Aypara cəmiyyətinin xətti ilə İraqa yardım aparmış və orada naməlum şəkildə itkin düşmüş atasının axtarışı ilə bağlı Bağdada getməsi ilə başlayır. Daha sonra onun müharibə gedən bir ölkədə şahidi olduğu vəhşiliklər, taleyin ona rast gətirdiyi Zöhraya olan məhəbbəti, onu itirməsi, dəfələrlə ölümlə üzləşməsi və digər hadisələr dolğun, maraqlı və inandırıcı bir dillə nəql olunur. Çıxış edənlərdən sumqayıtlı sahibkar Hümbət Quliyev, şairlərdən Elbrus Qayalı, Firdovsi Cəfərxan, jurnalist Rəhman Məmmədov, yazar Arif Ərşad, Akif Əsədov Tofiq Hüseynov , mütaliə həvəskarı, oxucu Hətəm kişi və digər ziyalılar bədii yaradıcılığının işığına toplaşdığımız müəllifin yeni əsəri ilə bağlı fikirlərini söyləməklə yanaşı Eyruz müəllimin yaradıcılığından , şəxsiyyətindən , insani keyfiyyətlərindən də söz açdılar. Qeyd edək ki, Eyruz Məmmədov “Sumqayıtım mənim”,”2-ci paralel”,”28-dən 29-na keçən gecə”,”Anata”, “Gecə...incə gecə”, “Dama Pika”, “R.S.”, “Mister Riç” və digər kitabların müəllifi, həmçinin “Sumqayıtın əks-sədası”,”Sumqayıt: Azadlığın əks-sədası”,”Cəbhə bölgəsində”,”Sumqayıt” və s. sənədli filmlərin ssenari müəllifidir. Yazıçının əsərləri rus, alman və ingilis dillərinə tərcümə edilmişdir. İnanırıq ki, bu gün yaradıcılığının məhsuldar dövrünü yaşayan Eyruz müəllim hələ neçə-neçə bədii və publisistuk əsərləri ilə öz oxucularını sevindirəcək.