SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

24.02.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin 5a sinif şagirdlərinin iştirakı ilə insanlıq tarixinin amansız qətliamlarından biri olan Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş “Xocalı cəngavəri Əlif Hacıyev” adlı xatirə gecəsi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı kitabxananın böyük mütəxəssisi Leyla Mahmudova Xocalı soyqırımının baş verdiyi dövrün tarixi-siyasi şəraiti, faciənin səbəb və nəticələri, həmçinin bu soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra xalqımızın, vətənimizin ağır günlərində ona həyan olub sinəsini yağı gülləsinə sipər edən, Xocalının dinc sakinlərinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında ətraflı məlumat verdi. Sonra tədbir 18 saylı məktəbin şagirdləri İsmayılzadə Dəniz və Məmmədzadə Selcanın aparıcılığı ilə bədii hissə ilə davam etdi. Xocalı soyqırımından bəhs edən şeirlər İsmayılzadə Dəniz, Məmmədzadə Selcan, Sayılova Zəhra, Xələfova Xədicə, Əlizadə Dəniz, Zeynallı Minayənin ifasında səsləndi. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımından, Xocalı cəngavəri Əlif Hacıyevdən bəhs edən sənədli filmləri izlədilər. 18 nömrəli tam orta məktəbin ictimai işlər üzrə direktor müavini Könül Allahverdiyeva və məktəbin kitabxana müdiri Rəfiqə Cavadovanın Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi yazılan Xocalı soyqırımı barədə çıxışları dinlənildi. Şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaq məqsədilə keçirilən bu tədbirin böyük əhəmiyyətini vurğuladı. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının böyük mütəxəssisi Leyla Mahmudova kitabxana rəhbərliyi adından tədbirin təşkilindəki köməkliyə, uşaqların çıxışlarına görə 18 nömrəli məktəbin müdiriyyətinə və iştirakçılara öz təşəkkürünü bildirdi.Tədbirin sonu şagirdlərin ifasında “Torpağın səsi” mahnısının ifası ilə yekunlaşdı