SumgaitLibrary

+994 186520087


Nağıl-tamaşa

05.10.2019-cu il tarixində Mərkəzi Uşaq kitabxanasının əməkdaşları N.Tusi adına 12 nömrəli tam orta məktəbdə 5 yaşlı fidanların məktəbə ilk qədəmlərinin qeyd olunması məqsədilə keçirilən “Məktəbli oldum” adlı tədbirdə “Uşaq dünyasına nağıl nur çilər” adlı nağıl-tamaşa ilə qonaq oldular. Tədbirin əvvəlində məktəbin direktoru Reyhan Baxşiyeva balaca fidanları və valideynləri salamlayaraq onların yeni dərs ilini təbrik etdi, bu məsuliyyətli yolda onlara uğurlar arzuladı. O, həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəqədər hazırlıq qruplarının əsas məqsədinin uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılması olduğunu bildirdi. Sonra Reyhan Baxşiyeva uşaqlara Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarını təqdim edib sözü kitabxananın böyük kitabxanaçısı Leyla Mahmudovaya verdi. İlk dərs gününün həyacanını və sevincini 5 yaşlılarla birgə qeyd edən kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova da nağıl qəhrəmanlarının adından uşaqların ilk dərs ilini təbrik edərək onlara uğurlar arzuladı. Sonra o, kitabxananın əməkdaşı Səbinə Qasımova ilə birgə əl kuklalarının vasitəsilə hazırladıqları nağıl-tamaşanı təqdim etdi. Uşaqlar rus və milli nağıllar əsasında hazırlanmış kukla tamaşasını böyük maraq və diqqətlə izlədilər. Nağıl-tamaşa tədbir iştirakçılarının gur alqış sədaları ilə sona yetdi.