SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

25.09.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 16 saylı tam orta məktəbin 8A sinif şagirdlərinin iştirakı ilə böyük şair, mütəfəkkir, filosof Məhəmməd Füzulinin 525 illik yubileyi münasibətilə “Ana dilli şeirimizin uca zirvəsi” adlı ədəbiyyat saatı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın baş kitabxanaçısı Leyla Mahmudova XVI əsrin Yaxın Şərq xalqları içərisində üç dildə orta əsrin bütün ədəbi növlərində əsərlər yaradan, son dərəcə zəngin və çoxcəhətli bir yaradıcılığa malik olan, qüdrətli və böyük sənətkar, söz məbədi, lirik qəzəllərin yaradıcısı, ustadı, orta əsr Azərbaycan türk şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında ətraflı bəhs etdi. Şairin poetik irsinin özəlliklərindən, əsərlərindəki obraz palitrasından, qəzəl, qəsidə, müxəmməs və poemalarında sənətkarlıq məsələlərindən ətraflı şəkildə bəhs edilən məruzə dinlənildikdən sonra tədbir şairə həsr edilmiş videosüjetlə davam etdi. Leyla Mahmudova şairin əsərlərindən, onun haqqında yazılmış kitablardan, dövri mətbuat materiallarında ibarət tərtib edilmiş “Əbədiyyət şairi Məhəmməd Füzuli – 525” adlı kitab sərgisi haqqında da xülasə verdi və şairin “Məni candan usandırdı, cəfadan yar usanmazmı” adlı qəzəlini söylədi. Sonda çıxış edən 16 nömrəli tam orta məktəbin kitabxana müdiri Südakət Əliyeva Füzulinin dünya poeziyasının ən mükəmməl nümunələrindən sayılan əsərləri, bu əsərlərdə insanın böyüklüyü, şəxsiyyət azadlığının tərənnümü və Füzuli irsinin Azərbaycan poeziyasının yeni məzmunla zənginləşməsindəki böyük xidmətlərindən danışdı. Tədbir C.Cahangirovun “Füzuli” kontatası ilə sona çatdı.