SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

19.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar 38 nömrəli tam orta məktəbin 2B sinif şagirdlərinin iştirakı ilə "Sülhün azadlıq nəğməsi" adlı ədəbi-bədii gecə keçirildi. 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində təşkil edilmiş tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova tədbir iştirakçılarına bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olan sülh və onun mahiyyəti, Beynəlxalq Sülh günün təsisi olunma tarixi, əhəmiyyəti, Azərbaycan dövlətinin sülhsevər siyasəti haqqında məlumat verdi, sülhün carçıları, gələcəyimiz olan uşaqlara daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamağı arzuladı. Daha sonra çıxış edən 38 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Qəmər Əhmədova da insanların firavan yaşaması, oxuması, öyrənməsi üçün ən vacib olan məsələlərdən biri sayılan sülhü əbədi mövzu kimi dəyərləndirərək onun bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Balalarımızın səadət, işıq və sevinc dolu dunyasnı qorumaq üçün Prezidentimiz İlham Əliyevin dünyada sülhün qorunması üçün daha da mətanət, fədakarlıq və böyük qüvvə ilə çalışdığını bildirdi və uşaqlara müharibəsiz, dinc, firavan bir dünya arzuladı.Sonra tədbir uşaqların vətənə, sülhə aid söylədiyi şeirlər, oxuduğu nəğmələr, ifa etdikləri rəqs nömrələri ilə davam etdi. Əsas məqsədi şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarət olan tədbir sözləri və musiqisi Səadət Fərziyevaya məxsus “Dostluq himni” ilə sona çatdı.