SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

24.06.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar fəal oxucuların iştirakı ilə “Varlığın qənimi, həyatın sonu” mövzusunda dəyirmi masa təşkil edildi. Gənc nəslin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması məqsədilə təşkil edilmiş tədbiri giriş sözü ilə açan MUK-un multimedia mütəxəssisi Leyla Mahmudova bu günün təsis olunma tarixi, mövzuya aid olan dövlət sənədləri, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadları haqqında məlumat verdi. Leyla Məmmədli narkomaniya ilə bərabər tədbir iştirakçılarına alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan danışdı. Daha sonra mövzu ətrafında Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova, Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva və kitabxananın keçmiş oxucusu Nigar Quliyevanın çıxışları dinlənildi. Onlar öz çıxışlarında uşaqların diqqətini narkotik qəbulunun son halına yönəldərək yeniyetmələrin həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaşmaq, həyatın çətin anlarından düzgün baş çıxarmalarına istiqamət verdilər. Çıxışlardan sonra yeniyetmələr arasında narkomanlığa alüdəçiliyin fəsadları haqqında fikir mübadilələri aparıldı, məsləhət və tövsiyyələr dinlənildi, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin gedişi zamanı narkomaniyaya düçar olmuş insanların acınacaqlı aqibətlərini əks etdirən sosial çarxların da nümayişi oldu. Sonda Leyla Mahmudova alkoqolizm və narkomaniya ilə mübarizəyə həsr edilmiş mövzulardan bəhs edən ədəbiyyatları özündə əks etdirən “Uyuşdurucu – süni cənnətin cəhənnəm odu” və “Pis vərdişlərə “yox” deyək” adlı sərgilərdə nümayiş etdirilən kitablar və dövri mətbuat materialları haqqında da qısa xülasə verdi.