SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

20.06.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında Stars Academy tədris mərkəzinin “yay məktəbinin” şagird və valideyin heyətinin iştirakı ilə müəllim, tərcüməçi,şair, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi S.Behrənginin 80 illik yubileyi münasibətilə, ədibin “Balaca qara balıq” əsəri üzrə kitab müzakirəsi keçirilmişdir. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə dünya uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, qısa ömür yaşamış, lakin bu müddət ərzində adını əbədi olaraq dünya ədəbiyyatı tarixinə yazmağı bacarmış vətənpərvər ədib Səməd Behrənginin ədəbi yaradıcılığı haqqında məlumat verdi. Sonra şagirdlərlə birgə sözügedən əsərin müzakirəsinə başlanıldı. Onlar yeknəsək həyat tərzi yaşayan, həyatı yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarət olan balıqlardan fərqli olaraq gəncliyin təmsilçisi olan, yaşadığı həyat tərzi ilə barışmayan, arxdan çıxmaq, böyük dünyaya, azadlığa qovuşmaq istəyən, genişliyə, yeni dünyaya doğru gedən yolda çox çətinliklərlə üzləşən, bu çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirən Balaca Qara Balığın igidliyindən, məğrurluğundan bəhs edən hekayənin müzakirəsində öz fəallıqları ilə seçildilər. Müzakirələrin sonunda Səbinə Qasımova bildirdi ki, yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çatdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da, daim axtarışdadırlar, heç bir vəchlə köhnəliklə barışmırlar. Əsərdə Balaca Qara Balığın gəlib çatdığı genişlik gəncliyin arzuladığı yeni, azad həyatın rəmzidir.