SumgaitLibrary

+994 186520087


Hekayə saatı

21.05.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 11 nömrəli tam orta məktəbin 3A3 sinif şagirdləri ilə birgə XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, fenomenal təfəkkür sahibi, qüdrətli sənətkar Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hekayə saatı keçirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə təşkil edilmiş növbəti tədbir giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının baş kitabxanaçısı Leyla Mahmudova ilk olaraq görkəmli ədibin qısa, keşməkeşli, lakin şərəfli həyatı və zəngin yaradıcılığı haqqında məlumat verdi. Sonra o, görkəmli ədibin yaradıcılığında hekayə janrının xüsusi yeri olduğunu vurğulayaraq, onun uşaqlar üçün yazdığı “Dilarə” və “Çocuq” hekayələrini nəql etdi. Sonra uşaqlara hekayələrin süjet xəttinə uyğun suallar ünvanladı. Şagirdlərdən Səfərli Zeynəb, Qasımov Ömər, Abdullazadə Raul, Həsənli Əli, Həmidə Quliyeva verilən suallara dolğun və məntiqli cavabları ilə həmyaşıdlarından fərqləndilər. Leyla Mahmudova şagirdlərə Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam ki...” başlıqlı sərgidəki kitablar haqqında xülasə verdi. Sonda ibtidai sinif müəlliməsi Pakizə Namazova “Dilarə” və “Çocuq” hekayələrinin uşaqların bədii təfəkkürünün və dünyagörüşünün inkişafında tərbiyəvi əhəmiyyətini vurğulayaraq kitabxana əməkdaşlarına bu səpkili tədbirlərin təşkilinə görə öz təşəkkürünü bildirdi.