SumgaitLibrary

+994 186520087


ƏIdəbi-bədii gecə

16.05.2019-cu il tarixində Gənclər Kitabxanası və 12 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Həq mənəm, həq məndədir, həq söylərəm” adlı ədəbi-bədii gecə keçirilmişdir. . Tədbirdə məktəbin ədəbiyyat müəllimləri, Gənclər kitabxanasının işçiləri və şagirdlər iştirak ediblər. Aparıcılar tədbir boyu görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirilib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. İdealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi altı əsrdir ki, öyrənilir. Vurğulanıb ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi. O, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub. Tədbirdə şagirdlər tərəfindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şeirləri səslənib, səhnəciklər və rəqslər nümayiş olunub. Nəsimi filmindən fraqmentlər və Nəsimi rolunun ifaçısı Azərbaycan Respublikasının xalq artisti Rasim Balayevin çıxışı səsləndirilib. Gənclər Kitabxanasının müdiri Sona Eminova Nəsimi əsərlərinin, xüsusən də valehedici qəzəlləri ilə Azərbaycan şeir dilinə ilk dəfə kamil ədəbi dil əyarı vurmuş, onun öz zamanı üçün ən yüksək nümunələrini yaratdığını vurğulamış, məktəbin kollektivinə və rəhbərliyə dərin təşəkkürünü bildirmişdir.. Sonda şagirdlər Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitab sərgisi ilə tanış oldular.