SumgaitLibrary

+994 186520087


“Bölgələrdən Bölgələrə”

Ənənəvi mədəniyyət bayramı öz işini Şamaxı şəhərində davam edib. Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar “Nağaraçalanlar”, “Piriqulu” instrumental ansamblın maraqlı ifaları ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları, istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib. Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiyada hazırlayıblar. Şairin obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib. Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.