SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

07.05.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27 illiyinə həsr edilmiş “Yurdumuzun qızıl tacı” adlı biblioqrafik xülasə keçirildi. Tədbirə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Mərkəzi Uşaq Kitabxanasın multimedia mütəxəssisi Leyla Mahmudova Şuşanın işğalından dərin kədər hissi ilə söz açaraq tədbir iştirakçılarına Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Şuşa, onun tarixi və coğrafi mövqeyi, 27 il bundan əvvəl mayın 8-də bu dilbər guşənin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı haqqında ətraflı məlumat verdi. O öz çıxışında bildirdi ki, Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı Azərbaycanın yaxın tarixində ən ağrılı günlərdən biridir. Şuşa şəhərinin tarixi Azərbaycan torpağı olan Qarabağın incisi, bütün Qafqazın musiqi mərkəzi olduğunu qeyd edən Leyla Mahmudova, Azərbaycanın şeir, incəsənət və musiqi sahəsində dünyada tanınmış şəxsiyyətlərinin məhz bu torpaqda doğulub boya başa çatdığını vurğuladı. Bu gün Şuşada yerləşən yüzlərlə tarixi abidənin, nadir memarlıq nümunələri və dini abidələrin vəhşicəsinə dağıdıldığını diqqətə çatdırdı. Çıxışın ardınca Qarabağ uğrunda döyüşlərin başlanması və müharibənin gedişi, Şuşanın işğalı ilə bağlı film və Şuşa şəhərinin işğaldan əvvəl və sonra çəkilmiş fotoları nümayiş olundu. Fotolarda işğal nəticəsində şəhərin tanınmaz hala salınması, şəhərdə iriqmiyaslı dağıntılar və bu gün şəhərin tərk edilmiş məkan olduğu açıq-aşkar əks olunmuşdu. Sonda Leyla Mahmudova tədbir iştirakçılarına şəhərin tarixi, təbiəti, mədəniyyəti, işğaldan qabaq və işğaldan sonrakı vəziyyəti, mədəniyyət abidələri, ümumilikdə erməni vandalizmini tarixi faktlarla özündə əks etdirən kitab və dövri mətbuat materialları haqqında xülasə verdi.