SumgaitLibrary

+994 186520087


Xatirə günü

03.04.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 31 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə Azərbaycan Ordusunun qələbə sorağı ilə yadda qalan, yeni tariximizə şanlı səhifə kimi yazılan, Aprel döyüşlərində canını Vətən uğrunda fəda edən qəhrəman oğullara həsr edilmiş “Unudulmaz el yolunda canı qurban olanlar” adlı xatirə günü keçirildi. Aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə keçirilən tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, tarixi əhəmiyyətindən danışdı, bu qələbənin əldə olunmasında canından keçən, qəhrəmanlıqlarıyla ölümsüzlüyə qovuşan sumqayıtlı igidlərimizdən Əbdülməcid Axundovun, Şulan Bayramovun, Murad Məmmədovun, Raquf Orucovun, Seymur Baxışovun qısa, lakin şərəfli ömür və döyüş yolu haqqında məlumat verdi. Daha sonra çıxış edən 31 saylı məktəbin müəlliməsi Ülviyyə Bağırova, valideyn komitəsinin sədri Aygün Nəbiyeva da aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən danışdılar və şagirdlərə vətənpərvər ruhda böyüməyi, Vətənə olan borcu layiqincə yerinə yetirməyi tövsiyə etdilər. Sonra tədbirin bədii hissəsi 31 nömrəli məktəbin 5E sinif şagirdilərinin hazırladıqları “Şəhidlər Vətənin qələbə rəmzi” adlı kompazisiya ilə davam etdi. Tədbirdə aprel döyüşlərinə həsr edilmiş videoslayd və videofilmə baxış oldu. Sonda multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərilən qəhrəmanlıqlara həsr edilmiş ictimai-siyasi və bədii ədəbiyyatları özündə əks etdirən sərgi ilə tədbir iştirakçılarını tanış etdi.