SumgaitLibrary

+994 186520087


Qəhrəman günü

11.03.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının qəhrəman oğlu, ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı qəhrəman günü keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova bəşər tarixinin ən qanlı savaşı olan İkinci Dünya müharibəsində faşizm üzərində cahanşümül qələbədə xidməti olanların, o cümlədən doğma torpaqdan uzaqlarda öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazan, misilsiz hərbi şücaətləri, igidlikləri ilə yaddaşlarda yaşayan İsrafil Məmmədovun şanlı həyat və döyüş yolu haqqında məlumat verdi. Sonra tədbir iştirakçıları Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan mərd azərbaycanlı qəhrəmanın həyatından bəhs edən sənədli filmi izlədilər, şagirdlərdən Yusif Abbaszadənin, Məhəmməd Məhərrəmlinin, Xədicə Xələfovanın, Arzu Ayadzadənin, Dəniz Məmişovanın, Leyla Bayramovanın və digərlərinin ifasında Səməd Vurğunun, Mirmehdi Seyidzadənin və Osman Sarıvəllinin İsrafil Məmmədova həsr edilmiş şeirləri əsasında hazırlanmış bədii kompozisiyanı dinlədilər, cəsur qəhrəmanın rəşadət dolu şərəfli həyat yolundan bəhs edən sənədli film izlədilər. Daha sonra çıxış edən 18 nömrəli məktəbin kitabxanaçısı Rəfiqə Cavadova Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xalqın qəlbində özünə əbədi heykəl ucaltdığını, bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsi olduğunu xüsusilə qeyd etdi. Sonda Leyla Mahmudova Azərbaycanın qəhrəman oğlu İsrafil Məmmədovun keçdiyi ömür yolunu gənc nəslə tanıtmaq məqsədilə kitabxananın fondunda olan tarixi, sənədli və bədii ədəbiyyatları özündə əks etdirən “Odlu illərin səlnaməsi” adlı kitab sərgisi haqqında qısa xülasə verdi.