SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

28.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə 1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 31-ci ildönümünə həsr olunmuş “Sumqayıt – planlı təxribatın qurbanı” adlı biblioqrafik xülasə keçirildi. Sumqayıt hadisələrinin əsl mahiyyəti və baş vermə səbəbləri haqqında ətraflı danışan kitabxananın müdiri Nailə Tağıyeva Sumqayıtda törədilən hadisələrin ermənilərin "Böyük Ermənistan” adlı məkrli planının bir hissəsi, Qarabağın işğalının başlanğıcı olduğunu bildirdi. O, çıxışını Sumqayıt hadisələrindən bəhs edən kitabların icmalı ilə yekunlaşdırdı. Millətçi-separatçı erməni ideoloqlarını ifşa etmək və Sumqayıt həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə yazılmış “Sumqayıt: milli əsarət, ya milli səxavət?”adlı kitab haqqında ətraflı şəkildə danışan Nailə Tağıyeva bildirdi ki, kitabda Sumqayıtda törədilmiş 1988-ci il fevral hadisələrindən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyəti nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən, barbar obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın qeyri-mümkünlüyü haqqında fikir formalaşdırmaq məqsədi güdən erməni millətçiləri faktlarla ifşa olunur. Daha sonra Nailə Tağıyeva Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” tarixi-didaktik əsəri, Eyruz Məmmədovun “28-dən 29-na keçən gecə” sənədli publisistik kitabı və həmin sənədli əsərin Azərbaycan, rus və ingilis dillərində olan qısaldılmış variantı olan “Erməni təxribatı(Sumqayıt, fevral, 1988-ci il):Faktlar və mülahizələr“ adlı kitab haqqında da qısa xülasə verdi. Sonda o, məktəblilərin Sumqayıt hadisələri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırdı.