SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

25.02.2019-cu il tarixində Gənclər kitabxanasında 16 saylı tam orta məktəblə birgə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə“Dərdimizin qan rəngi-Xocalı” adlı xatirə gecəsi keçirilmişdir. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Sona Eminova ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının bu istiqamətdə çox uğurlu işlərindən bəhs etmişdir. Sonra ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosial çarx nümayiş olunub. Aparıcılar Asfaram Aysu və Rəcəbli Hafizə Xocalı hadisələrini faktlarla, həmin faciə iştirakcılarının bədii dili ilə bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Dərin kədər hissi ilə müşayiət olunan tədbirdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi, Xocalıya aid şeirlər səsləndi.Məktəbin kitabxanaçısı Ələkbərova Yeganə bu faciənin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirildiyini, bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb. Sonra “Xocalı qətlamı şahidlərin dili ilə” filmi nümayiş etdirildi. Tədbirin sonunda kitabxana müdiri bu tədbirlərin Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu bildirərək tökülən qanların, axıdılan göz yaşlarının yerdə qalmayacağını və tezliklə işğal altında olan Qarabağımızın geri qaytarılacağını əminliklə vurğuladı. Sonra tədbirdə Xocalı soyqırımına aid kitab sərgisi və foto-stend oxuculara təqdim olundu.