SumgaitLibrary

+994 186520087


Qəhrəmanlıq günü

18.02.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində vətənpərvərliyin təbliği ilə əlaqədar “Mənə oğul deməyinlə ölməzəm” adlı qəhrəmanlıq günü keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək iştirakçıların birgə ifası ilə başlandı.Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirin aparıcıları Aynur Kərimova və Cavidan Mirzəzadə iştirakçıları salamlayaraq xatirəsi hər zaman əziz tutulan Vətən oğullarından biri olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Qorxmaz Abış oğlu Eyvazovun həyat və fəaliyyəti, keçdiyi şərəfli döyüş yolu, gənc nəslə örnək olan qəhrəmanlıqlarından bəhs edərək çıxış üçün sözü uşaq şöbəsinin müdiri Yeganə Hüseynovaya verdilər.O, torpaqlarımızın azadlığı uğrunda mərdlik və şücaətlər göstərmiş, canını fəda etmiş qəhrəmanlarımızdan söhbət açaraq yeniyetmə və gənclərimizin də belə milli ruhda əsl vətənpərvər kimi tərbiyə edilməsini tövsiyyə etdi. Sonra söz Qorxmaz Eyvazova həsr edilmiş sənədli filmin müəllifi, yazıçı Hafiz İmamnəzərliyə verildi.O, da Milli Qəhrəmanın haqqında öz dəyərli fikirlərini söylədi. Tədbirdə 5 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Məktəbin müəlliməsi Şəlalə Məmmədova mövzu ilə bağlı çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Tədbirdə Milli Qəhrəman Qorxmaz Eyvazovun ailə üzvlərindən oğlu Asəm və onunla çiyin-çiyinə döyüşmüş əmisi oğlu Murad Eyvazov iştirak etdi.Onlar qəhrəmanın həyat və döyüş xatirələrindən söhbət açaraq belə igid Vətən oğullarının xatirəsini əziz tutan, vətənpərvərliyi təbliğ edən kitabxana əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Tədbir Milli Qəhrəman Qorxmaz Eyvazovun həyatı,fəaliyyəti, keçdiyi şərəfli döyüş yolu ilə bağlı təşkil edilmiş sərgiyə baxışla sona yetdi.