SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Cəlil Məmmədquluzadə - 150
16.02.2019-cu il tarixində Gənclər kitabxanasında N.Tusi adına tam orta məktəbin X sinif şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə “Ölülər” əsərinin müzakirəsi keçirilmişdir. Tədbirdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətini qeyd edən böyük mütəxəssis Bağrova Rəhilə yazıçının həyat və yaradıcılığı barədə məlumat verdi, onun əsərlərinin gənc nəslin tərbiyəsində əsl örnək, həyat məktəbi olduğunu bildirdi. Qüdrətli qələm sahibinin zəngin irsinin bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindən olduğunu diqqətə çatdırdı. Sonra yazıçının “Ölülər” əsərinin təhlilini vermiş 12 saylı məktəbin dil-ədəbiyyat müəllimi İradə Quliyeva həqiqətən də Kefli İskəndərin tarixi kökləri olan epoxial obraz olduğunu diqqətə çatdırmış, qeyd etmişdir ki, bütün yaradıcılığında olduğu kimi, “Ölülər”də də Mirzə Cəlili “müsəlman qardaşları”ın bir çox sosial, mədəni sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi, eybəcərliyi, habelə onların bu vəziyyətdən qurtarmaları, ağ günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi."Ölülər" - böyük realizm və bədii ümumiləşmə qüvvəsinə malikdir. Hətta o qədər ki, yazıçı bir kəndin ölüləri haqqında yazdığı bu əsərə bir cəmiyyətin, bir dövrün və mühitin ölülərini toplaya bilmişdir. Şagirdlər fırıldaqçı Şeyx Nəsrullah, Şeyx Əhməd və dini xürafat, savadsızlıq, qəflət yuxusunda “ölülük” dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbalayı Fatma, Hacı Kərim obrazlarına münasibətlərini bildirmişlər. Şagirdlərdən Əliyev Əmrah ifasında Kefli İsgəndərin son monoloqu dinlənilmişdir. Sonda “O dünyadan salamlar” və “Qəm Pəncərəsi” filmlərindən fraqmentlər göstərilmişdir. Kitabxana müdiri Sona Eminova məktəbin rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirmişdir.