SumgaitLibrary

+994 186520087


Kitab aksiyası

13.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar “Ürəkdən-ürəyə” adlı kitab aksiyası keçirmişdir. Tədbiri uşaq şöbəsinin müdiri Y. Hüseynova açaraq mövzu ilə bağlı iştirakçılara məlumat verdi və bildirdi ki, 2012-ci ildən 14 fevral tarixi Beynəlxalq Kitab Bağışlama Günü kimi dünyada qeyd olunur.Danılmaz faktdır ki, zamanında insanlar hədiyyə olaraq kitaba üstünlük veriblər. Və bu hədiyyə böyük məmnuniyyətlə qəbul olunub. Çox sevindirici hal olar ki, bu tarixdə ənənə olaraq insanlar bir-birini kitab hədiyyə etməklə sevindirsinlər. Sonra qonaq qismində iştirak edən Azərbaycan dilində nəşr olunan ilk milli “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin nəticəsi, “Zərdabi” nəşriyyat və poliqrafiya mətbəəsinin direktoru Aydın Məlikovu, “Qanun” kitab klubunun və “Qanun” nəşriyyatının əməkdaşları Səadət Dadaşovanı, Aytəkin Alıyevanı, şair Müqəddəs Şahbazovu oxuculara təqdim edərək çıxış üçün söz verdi. Onlar da mövzu ilə bağlı öz dəyərli fikirlərini iştirakçılara çatdıraraq kitabxanaya müxtəlif kitablar hədiyyə etdilər. Tədbirdə 14 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbir “Bizə kitab gəlib” başlığı altında təşkil edilmiş maraqlı sərgiyə baxışla sona yetdi.