SumgaitLibrary

+994 186520087


Sərgi

12.02.2019-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 8 nömrəli tam orta məktəbdə Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın 90 illik yubileyi münasibətilə keçirilmiş “Hikmət Ziyanın sənət dünyası” adlı ədəbi-bədii gecədə sərgi ilə iştirak etdi. Tədbirdə məktəbin şagirdləri H.Ziyanın vətənpərvərlik ruhlu şeirləri əsasında hazırladıqları bədii kompozisiya, kiçik məzəli şeirləri və təmsilləri əsasında hazırlanmış satirik səhnəciklərlə çıxış etdilər, şairin lirik şeirlərinə bəstələnmiş mahnılrdan ibarət musiqi çələngini ifa etdilər. Tədbirin gedişi zamanı söz alan Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə iştirakçılara Hikmət Ziyanın həyat və yaradıcılığı, uşaq ədəbiyyatı sahəsindəki böyük xidmətləri haqqında qısa məlumat verdi. O, şairin müxtəlif illərdə çap olunmuş kitablarından olan”Seçilmiş əsərləri”, “Atamın hədiyyəsi”, “Bahar gözəldir”, “Ulduzların söhbəti”, “Leylək yuvası”, “Qısqanc qarışqa”, “Ömrümün payı”, “Mavi sularda” və digər kitabların qısa xülasəsi ilə onları tanış etdi. Hikmət Ziyanın jurnalistlik fəaliyyətindən də bəhs edən Səbinə Qasımova 1969-cu ildən ömrünün sonuna - 1995-ci ilədək “Göyərçin” jurnalında ən yaxşı uşaq əsərlərinin jurnalda dərc olunması üçün əlindən gələni əsirgəmədiyini bildirdi, bu jurnalın balalarımızın sevimli jurnalına çevrilməsində onun əməyinin böyüklüyünü xüsusilə vurğuladı. Sonda çıxış edən məktəbin direktoru Ruhiyyə Allahverdiyeva xalqını dərin məhəbbətlə sevən, həssas, kövrək, xeyirxah, hazırcavab, eyni zamanda cəmiyyətin antipodlarına qarşı barışmaz mübarizə aparan Hikmət Ziyanın əsl ziyalı və müdrik qələm sahibi kimi səciyyələndirdi. O, tədbirin keçirilməsindəki əməyinə görə məktəbin kitabxana müdiri Elmira İbrahimovaya və Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarına öz dərin təşəkkürlərini bildirdi.