SumgaitLibrary

+994 186520087


Ucadan oxu

11.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə 18 nömrəli tam orta məktəbdə beşinci sinif şagirdlərinin iştirakı ilə maarifçi realist satiranın banisi Qasım bəy Zakirin anadan olmasının 235 illik yubileyi münasibətilə şairin “Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” təmsilləri əsasında ucadan oxu keçirildi. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Elza Həsənova əvvəlcə şagirdlərə ədəbiyyat tariximizdə qoşma, gəraylı, qəzəl, müxəmməsləri ilə görkəmli lirik şair, satira, mənzum hekayə və təmsilləri ilə öz dövrünün xalq satiriki və realisti kimi şərəfli yer tutmuş Qasım bəy Zakirin həyat və yaradıcılığı haqqında məlumat verdi. Zakirin yaradıcılığında təmsillərin müstəsna əhəmiyyətindən danışan Elza Həsənova şairin təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazdığını, bu əsərlərdə təbliğ olunan ideyanın şairin dövrü ilə həmahənglik təşkil etdiyini vurğuladı. O, məktəblilərlə birgə bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edən, zülmün əleyhinə çıxan, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verən Q.Zakirin “Aslan, qurd və çaqqal” təmsilinin ucadan oxusunu keçirdi. Tədbir iştirakçıları şagirdlərdən Fidan Əliyevanın aparıcılığı iləTural Həsənlinin və Ülkər Mehdizadənin ifasında “Tülkü və qurd” təmsili əsasında hazırlanmış kukla tamaşasını izlədilər. Sonda E.Həsənova oxucuları ölməz əsərləri ilə ölümsüzlük zirvəsini fəth etmiş şQasım bəy Zakirə həsr edilmiş kitab sərgisi ilə də tanış etdi.