SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

28.01.2019-cu ildə S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində görkəmli şair Əli Tudənin 95 illiyi ilə əlaqədar “Sevirəm xalqımı özümdən artıq” adlı ədəbiyyat saatı keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi L. Muradova gün ərzində gələn oxuculara Azərbaycanın görkəmli şairi, əməkdar incəsənət xadimi Əli Tudənin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan şair 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır və yazdığı milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı.