SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

12.01.2019-cu il tarixində Ümumdünya Uşaq İxtirası Günü ilə əlaqədar Uşaq şöbəsində “Gələcəyin dahiləri” adlı informasiya saatı keçirilmişdir. Uşaq şöbəsinin müdiri Y.Hüseynova oxuculara əlamətdar günlə bağlı məlumat verərək bildirdi ki, bizim sivilizasiyamızın bütün tarixi boyu insan hər zaman nələrisə ixtira etmişdir. Lakin bəzi ixtiraçılar buna erkən yaşlardan başlamışlar. Həm də bu onlarda çox gözəl, çox parlaq alınıb. Məhz belə balaca ixtiraçıların şərəfinə də hər il yanvarın 17-də Beynəlxalq Uşaq İxtirası Günü qeyd olunur. Biz adətən alimlərin ağlına heyran olmağa alışmışıq. Lakin bəzən uşaqlar da müdriklikləri ilə seçilir, nə isə ixtira edirlər. Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa çağırır, axı onların arasında nəhəng ixtiraçılar yetişə bilər. Bu əlamətdar günün məhz 17 yanvarda qeyd olunması təsadüfi deyil. 17 yanvarda Bencamin Franklin anadan olmuşdur. O, tarixdə ən görkəmli amerikalılardan biridir. B.Franklin həm dövlət xadimi, həm də alim, ixtiraçı, jurnalist və diplomat olmuşdur. O hələ 12 yaşında olarkən üzgüçülükdə istifadə olunan qol üçün üzgəcləri ixtira etmişdir. Franklin böyüdükdən sonra da ixtiraçılıqla məşğul olmuş, yellənən kreslo, barıtın elektrik qığılcımı ilə partladıla biləcəyini və s. ixtira etmişdir. İnsanların beyninə dahiyanə fikirlərin necə gəldiyini alimlər izah edə bilmirlər. Həmçinin böyüklərin ağlına gəlməyən fikirlərin necə olur ki, uşaqların ağlına gəldiyini izah etmək mümkün deyil. Alyaskanın bayrağı 1926-cı ildə 13 yaşlı Amerikalı yeniyetmə Benni Benson tərəfindən yaradılmışdır.15 yaşlı amerikalı Çester Qrinvud 1873-cü ildə soyuqdan qoruyan qulaqcıqlar ixtira etmişdir.İlk qarda yeriyən maşını 1922-ci ildə 15 yaşlı kanadalı Jozef-Arman Bombardye ixtira etmişdir. Meyvəli buzu, taxta çöp üzərində dondurmanı ilk dəfə 11 yaşlı amerikalı Frenk Epperson icad etmişdir.Gözdən əlillərin yazıb oxuması üçün Brayl əlifbasını 1824- cü ildə 15 yaşlı fransız Lui Brayl ixira etmişdir.Hər il 500 mindən çox uşaq və yeniyetmə müxtəlif kompüter oyunları, robot və texnikalar yaradırlar. Hələ onların sayı gələcəkdə nə qədər olacaq, məlum deyil. Odur ki, 17 yanvar – Uşaq İxtirası Günü, gənc ixtiraçılar günü əsl qeyd olunmağa layiq bir gündür.