SumgaitLibrary

+994 186520087


Qəhrəman günü

08.01.2019-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 16 saylı tam orta məktəbin 7A sinif şagirdlərinin iştirakı ilə yanvar ayında anadan olmuş Milli Qəhrəmanlardan Mətləb Quliyev, Mirzə Quliyev, Hikmət Muradov, Səyavuş Həsənov, Vasili Əliyev, Vüqar Hüseynova həsr edilmiş “Yaddaşlarda yaşayan igidlər” adlı qəhrəman günü keçirildi. Tədbir ölümüylə ölümsüzlük qazanmış qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti yolunda heç düşünmədən fəda etmiş sözügedən qəhrəmanların şərəfli həyat və döyüş yolları haqqında məlumat verdi. Sonra çıxış edən 16 saylı məktəbin kitabxanaçısı Südakət Əliyeva məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, bildirdi ki, şəhidlərin xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çıxışlardan sonra şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər dinlənildi. Sonra tədbir iştirakçıları Mətləb Quliyev, Hikmət Muradov, Vasili Əliyevin hər birinin qəhrəmanlıqlarla dolu həyat və döyüş yolundan bəhs edən videoçarxı izlədilər. Sonda kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova “Qəhrəmanlıq zirvəsinə ucalanlar” başlığı altında Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman oğullarımıza həsr olunmuş kitablardan xülasə verdi.