SumgaitLibrary

+994 186520087


Xatirə günü

22.12.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıt ədəbi mühitinin yetirməsi olan tanınmış yazıçı-pulisist Feyzi Mustafayevin 80 illik yubileyi ilə əlaqədar xatirə günü keçirildi. Tədbirdə Feyzi Mustafayevin qələm dostları, şəhərimizin ziyalıları, ömür-gün yoldaşı Əzizə xanım, kiçik qardaşı Əlimirzə Mustafayev, nəvələri, yaxın qohumları, kitabxananın oxucuları iştirak etdi. Tədbir keçirilən zalda Feyzi müəllimin həyat və yaradıcılığını əhatə edən “Sözə könül bağlayanlar” adlı sərgi nümayiş etdirilirdi. Öncə Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova tədbir haqqımda iştirakçıları məlumatlandırdı. O vurğuladı ki, Feyzi müəllimin yaratdığı ədəbi portretlər, esselər, nəsr əsərləri, mənsur şeirlər bu gün də onları oxuyanların ürəyindən xəbər verir. Tədbirin aparıcısı şair, Respublikanın əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli Feyzi müəllimin həyat və yaradıcılığı haqqında qısa məlumat verməklə vurğuladı ki, o öz həyatı, doğru-dürüst əməlləri ilə onu tanıyanların yaddaşında kamil insan, yaradıcı bir şəxsiyyət kimi qalmışdır.Tədbirdə eləcə də tanınmış şair və ziyalılardan Ofelya Babayeva, Rəhman Orxan, Qüdrət Muğanlı, Gülnarə Cəmaləddin, Namiq Məna, Nemət Veysəlli və b. cıxış edərək Feyzi müəllim haqqında öz ürək sözlərini söyləməklə yanaşı onunla bağlı xatirələrini də bölüşdülər. Allahverdiyeva Nurgünün ifasında Feyzi Mustafayevin şeiri dinlənildi. Daha sonra Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova “Sözə könül bağlayanlar” adlı sərgidən biblioqrafik xülasə verdi. Sonda Əşrəf müəllim bütün iştirakçılara öz təşəkkürünü bildirdi.