SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

22.12.2018-ci il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar “Əfsanəvi Mixaylo...” adlı informasiya saatı keçirilmişdir. Multimedia mütəxəssisi Əbdürrəhmanova Sürəyya əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin həyat və döyüş yolu barədə ətraflı məlumat verib, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə igid həmyerlimizin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söhbət açıb, qeyd edib ki,Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəçilərinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir edildi. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. Doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparmış, kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmişdir. Yuqoslaviya-İtaliya müqavimət hərəkatı sıralarında vuruşarkən azərbaycanlı Mehdi Hüseynzadə özünü “Mixaylo” adlandırmışdır. Faşistləri vahiməyə salan bu mübariz ad altında Mehdi Hüseynzadə tarixə əbədi daxil olmuş, onunla çiyin-çiyinə vuruşmuş insanların qəlbində məskən salmışdır. Bu ad müasirlərinin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcəkdir. S.Əbdürrəhmanova iştirakçıları “Mixaylo” kimi igid oğullardan nümunə götürməyə və xalqımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyə çağırıb, vurğulamışdır ki, Həzilər, Mehdilər, Gəraylar, Qafurlar yetirən Vətən torpağı heç vaxt işğalla barışa bilməz və barışmayacaq. Azərbaycanın üçrəngli bayrağı Talış zirvəsində, Lələtəpədə, Qızılqayada, Günnütdə dalğalandığı kimi, Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər əzəli torpaqlarımızda da dalğalanacaq və həmin bayraq Azadlıq meydanına gətirilərək Qələbə paradımızda nümayiş etdiriləcəkdir. Tədbirin sonunda “Təxəllüsü “Mixaylo” filmi nümayiş etdirilib.