SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

19.12.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində görkəmli tarixçi Ziya Bünyadovun 95 illiyi ilə əlaqədar “Böyük alim və parlaq şəxsiyyət” adlı informasiya saatı keçirilmişdir. Uşaq şöbəsinin multimedia mütəxəssisi G. Həsənova gün ərzində gələn oxuculara Azərbaycanın görkəmli şərqşünası, tarixçi, Dövlət Mükafatı Laureatı, Sovet İttifaqı Qəhrəmanı, əməkdar elm xadimi Ziya Bünyadovun həyat və fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, o, 1923-cü il dekabrın 21-də Astara şəhərində Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı.Onun anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Ziya Bünyadov 1941-ci ildə hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdikdən sonra İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçmiş, 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor dərəcəsi almışdır.1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, 1981-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərdi.1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri, o dövrü doğru-düzgün tədqiq edənlərdən biri də Ziya Bünyadovdur. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.