SumgaitLibrary

+994 186520087


“Sizin hüquq, vəzifə və məsuliyyətiniz”

07.11.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə hər il 20 oktyabr–20 noyabr tarixlərində respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində N.Tusi adına 12 nömrəli tam orta məktəbdə dördüncü sinif şagirdlərinin iştirakı ilə “Sizin hüquq, vəzifə və məsuliyyətiniz” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova hər il olduğu kimi bu il də İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əsas məqsədləri, uşaqların ictimai həyatdakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması, uşaqlara qarşı törədilən zorakılıq halları ilə mübarizə haqqında qısa məlumat verdi, ölkəmizdə uşaqların sağlam böyüməsi, təhsili, fiziki və intellektual inkişafı, hüquqlarının müdafiəsi və təmini istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğuladı. Sonra Leyla Mahmudova mövzu ilə bağlı tərtib edilmiş kitab sərgisi haqqında qısa xülasə verdi. Daha sonra tədbirdə iştirak edən hüquqşünas Bəsti Məmmədova uşaq hüquqlarının yaranması tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verdi, uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bəsti Məmmədova uşaq hüquqları ilə bağlı müzakirələr zamanı ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı. Daha sonra tədbir iştirakçıları “Uşaq hüquqları” adlı videoçarxı, “Xoşbəxtliyin açarı” və “Ailə zorakılığı” adlı sosial çarxları izlədilər. Sonda çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşmasından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışdı. O, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən belə maarifləndirici tədbirlərin xüsusi əhəmiyyətini vurğulayaraq tədbirə evsahibliyi edən məktəbin müdiriyyətinə, ibtidai sinif müəllimələrinə, məktəbin kitabxana müdirinə və fəallıqları ilə seçilən şagirdlərə dərin təşəkkürünü bildirdi.